Bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunub. Məqsəd gənclərin hüquqi dəyərlərə bağlılığını artırmaq, vətənpərvərlik hisslərini gücləndirmək və onların əlamətdar ildəki aktivliyinə zəmin yaratmaq olub.
Tədbirdə Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının önəmindən bəhs edilib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilməsi ilə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Əlavə olunub ki, Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən il boyu “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici və təbliğat xarakterli bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Muzeylə tanışlıq zamanı gənclərə sözügedən məkanın yaranma tarixi və ekspozisiyası haqqında məlumat verilib. Bələdçi bildirib ki, burada Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib. Bununla bərabər, tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olmuş bayraqları, gerbləri və inzibati xəritələri, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri də nümayiş olunur.